Ermənistanda sərhədboyu ərazilərdə yerləşən bəzi kəndlərdə əhaliyə silah paylanması ilə bağlı çağırışlar edilir. Ölkədə bəzi ictimai nüfuzlu şəxslər, ekspertlər kəndlərdə sıravi ermənilərin silahlandırılmasına dair tələb və təkliflər irəli sürürlər. “Hər bir erməni silahlanmalıdır” şüarı ilə artıq kəndlərdə bu istiqamətdə təbliğatlara başlanıldığı deyilir.
Hətta bir kənddə artıq bunun həyata keçirilməsinə başlanıldığına dair iddialar var.
Hazırkı vəziyyətdə Ermənistanın bu addımı ümumi prosesə necə təsir edəcək? Erməni kəndlərinin silahlandırılmasında məqsəd nədir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Mətin Məmmədli bildirib ki, əgər həqiqətən bu addım həyata keçirilisə, Ermənistan daha böyük təxribata hazırlaşır deməkdir:
“Sərhəddə yerləşən erməni kəndlərinin sakinlərinə silah paylanılması Ermənistanın vəziyyəti gərginləşdirmək istiqamətindəki növbəti addımı hesab edilə bilər. Onsuz da son günlər Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Qarabağda təxribatlar həyata keçirilir. Eyni zamanda, Ermənistan ordusunun sərhədboyu ərazilərdə bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı məlumatların yayılmasından sonra bu addımın atılması İrəvanın daha böyük təxribatlara hazırlığından xəbər verir.
Azərbaycan bütün prosesi diqqətlə izləyir, yarana biləcək vəziyyət uyğun adekvat cavab tədbirlərinin görülməsi üçün kifayət qədər gücümüz var. Ermənistan bu kimi addımlarla, sadəcə, danışıqlar prosesini ləngidir. Necə ki son günlər bu prosesdə müəyyən durğunluğun yarandığını müşahidə edirik. İki ölkə arasında sülh razılaşması baş tutmayacağı təqdirdə Ermənistan böyük zərər görə bilər”.
Qeyd edək ki, Ermənistan ordusunun ehtiyatda olan hərbçilərinin orduda təlimlərə cəlb ediləcəyi açıqlanıb.
Ayşən Mustafa
Globalinfo.az














