Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, taksidə qiymətlər birmənalı olaraq qalxacaq. Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur.
Nədənsə Azərbaycanda hər problem qiymət artımı ilə həll ediməyə çalışılır. Özü də bu baş verərkən “keyfiyyətli xidmət”, “dünya standartları”, “sağlam rəqabət” və s. kimi fikir və terminlər ilə əsaslandırılmağa çalışılır. Halbuki problemin kökünə enilməli, araşdırılmalı, həll planı təqdim edilməlidir. Mövcud reallıqlar fonunda təkliflər effektiv deyilsə xarici təcrübədən faydanılmalıdır.
Misal üçün, elə cənab nazirin qeyd etdiyi taksi sektoru…
Hər kəs kimi mən də taksi sektorunda olan problemlərdən narazıyam. Paytaxt yollarında baxımsız taksilərin mövcudluğu, onları idarə edən bəzi sürücülərin qeyri-etik davranışları, müəyyən qisim sürücünün narkotik maddə istifadəçisi olması və digər problemlər bu sektorun başlıca problemidir. Lakin bu problemlərin heç biri qiymətlərin aşağı olması ilə bağlı deyil.
Bir halda ki, dünyanın heç bir yerində taksi qiymətləri Azərbaycandakı kimi ucuz deyil, o zaman niyə bu qədər taksi şirkəti var?
Niyə bu qədər taksi fəaliyyəti ilə məşğul olan insan var?
Rəşad Nəbiyev
Əslində Rəşad Nəbiyevin qeyd etdiyi “dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur” fikri əsaslı surətdə yanlışdır. Azərbaycanda taksi xidməti yalnız Avropa və ABŞ standartlarına görə ucuzdur. Ümumiyyətlə müqayisə aparılarkən təkcə bir sektor üzrə deyil, o sektorda qiymətləri tənzimləyən digər meyarlar da nəzərə alınmalıdır. Misal üçün, orta aylıq əmək haqqı, işsizlik, vətəndaşın alıcılıq imkanları və s. Bu meyarlar nəzərə alınmadan aparılan müqayisə qərəzli, əsassız və məntiqsizdir.
Azərbaycanda taksi sektorundakı mövcud problemləri aradan qaldırmaq üçün dünya təcrübəsindən faydalanmaq olar. Söhbət hansısa ölkədən bahalı taksilər gətirməkdən getmir. Söhbət o ölkədəki effektiv, dinamik sistemin ölkəmizdə tətbiqindən gedir. Yaponiya buna ən gözəl misaldır. Azərbaycandan fərqli olaraq Yaponiyada taksi fəaliyyəti ilə məşğul olmaq istəyən bir şəxs mütləq müvafiq normativlərdən keçməli və sonda lisenziya almalıdır. Yəni lisenziyasız taksi fəaliyyəti ilə məşğul olmaq Yaponiyada qadağandır.
Lisenziyalı taksilərin bir digər xüsusiyyəti də avtomobil nömrələrinin fərqli rəngdə olmasıdır. Belə ki, normal avtomobillərin nömrələri ağ, sarı rəngli olduğu halda lisenziyalı taksilərin nömrələri yaşıl rənglidir. Bu həm də həmin sürücünün lizenziyalı taksi sürücüsü olduğunu göstərir.
Yaponiyada taksilərin ön hissəsində xüsusi işıqlı lövhələr var. Belə ki, lövhədə qırmızı işıq yanırsa 空車 (kuusha – boşdur) yazısı qeyd edilir. Bu halda siz bu taksidən istifadə edə bilərsiniz. Taksi müştəri qəbul etdikdə isə lövhədə yaşıl işıq yanır və 賃 走 (chinso- doludur) yazısı qeyd edilir.
Digər bir önəmli məqam da Yaponiyada taksi sürücülərin vahid geyimdə olmasıdır. Bu onların həm peşələrinə verdiyi dəyərin, həm də dövlət tərəfindən diqqətdə olduqlarının göstəricisidir. Yeri gəlmişkən, Yaponiyada bütün taksi sürücüləri dövlətə vergi verir və taksi fəaliyyətindən istifadə edən sərnişinlərə xidmətin sonlarında ödəniş etdikdən sonra qəbz təqdim olunur. Bunu etməyən bir sürücü yüksək məbləğdə cərimələnir.
Əslində Yaponiya örnəyi belə özlüyündə göstərir ki, Azərbaycanda taksi sektorundakı mövcud problem qiymətlərin aşağı olması ilə bağlı deyil, birbaşa bu sektordakı sistem xətaları ilə bağlıdır.
Düzdür, Yaponiya ilə müqayisə bəlkə bir az doğru sayılmaz. Çünki sözügedən ölkə bütün parametrləri ilə Azərbaycandan çox fərqlənir. Bizə qonşu olan Rusiya və Türkiyədə də taksi sektoruna rəsmi qurumların yanaşması kifayət qədər tələbkardır. Adını çəkdiyim ölkələrdə də bu sahədə xaotik vəziyyət yoxdur. Çox istərdik ki, eyni şərait Azərbaycanda da yaradılsın. Amma bundan orta və kasıb təbəqə ziyan görməsin. Kimlərsə qazanclı çıxmasın. Şəxslər deyil, dövlət və xalq udsun.
Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi ənənəvi yanaşmadan çıxıb dünya təcrübəsindən fayadalansa taksi qiymətlərini artırmadan da müsbət nəticələrin alına biləcəyini görə bilər.
Turan Rzayev
Globalinfo.az