Polish 20230610 181746045

Azərbaycan Ukraynanın Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən Kaxovka su elektrik stansiyasının (SES) bəndi dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərərçəkən bölgəyə yardım göndərilib.

Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yola salınan yardımlar əsasən su nasosları, müxtəlif borular, xilasedici gödəkcələr və digər ləvazimatlardan ibarətdir.

Rəsmi Bakı Rusiya-Ukrayna müharibəsinin başladığı ilk gündən etibarən neytrallığını elan edib, həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslar qurub. Azərbaycan tərəfi gərginliyin bitməsi, sülhün əldə edilməsi istiqamətində dəfələrlə vasitəçiliyini təqdim edib. Hətta hər iki ölkə başçısının Bakıda bir araya gəlməsi belə təklif edilib. Lakin bununla belə Ukraynaya humanitar yardımlarını da əsirgəməyib. Hətta rəsmi Bakı hazırda Ukraynaya ən çox humanitar yardım ayıran ölkələrdəndir.

 

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə bundan öncə də tibbi ləvazimat, qida, generator və yanacaq yardımları edilib. Bununla Azərbaycan tərəfi bir daha işğalçı ilə işğala məruz qalanı eyniləşdirmədiyini göstərmiş oldu.

Azərbaycanın Ukraynaya etdiyi yardımlar fonunda diqqətçəkən bir digər məqam isə Ermənistanın Rusiyanın işğalçı müharibəsinə açıq şəkildə dəstək verməsidir.

Bu gün Ermənistan nadir ölkədir ki, Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibəni açıq şəkildə dəstəkləyir, bu ölkəyə hərbi, informasiya, humanitar dəstək verir müxtəlif təyinatlı malların daşınmasını artırır.

Ermənistan Statistika Komitəsinin məlumatlarına əsasən, 2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 69% artaraq 14.1 milyard ABŞ dollarına çatmışdır. Ermənistanın ixracı isə 78% artaraq 5.3 milyard dollara, idxal isə 63.5% artaraq 8.7 milyard dollar təşkil etmişdir.

Ermənistanın son iki ildə iqtisadi dövriyyəsinin kəskin artması heç şübhəsiz Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. İrəvan müharibədən istifadə edərək Kremllə ticarət dövriyyəsinin həcmini artırıb.

Ermənistan müharibənin ilk ilindən etibarən Rusiyaya hərbi dəstək də verir. Misal üçün, rəsmi İrəvan “Su-30” tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib. Bundan başqa hazırda Rusiya ordusu tərkibində vuruşan yüzlərlə erməni əsilli rus vətəndaşlar, habelə erməni könüllülər var.
Ermənistanın Rusiyaya bəlkə də ən böyük dəstəyi informasiya dəstəyidir. Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədə erməni dezinformasiya maşını və onun sözdə media kapitanları da canla-başla iştirak edirlər.

Göründüyü kimi, işğalçı Ermənistan özü kimi işğalçı olan Rusiyaya 30 il ərzində torpaqlarının 20 faizi işğala məruz qalmış Azərbaycan isə bu gün torpaqların 20 faizdən çoxu işğala məruz qalan Ukraynaya yardım edir.

Turan Rzayev
Globalinfo.az

Paylaş: