Mayın 7-də saat 00:00 radələrində tanınmış plastik cərrah, 1982-ci il təvəllüdlü Türkan Gündüz ailə münaqişəsi zamanı həyat yoldaşı, 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Məhəmməd Gündüz tərəfindən qətlə yetirilib.
Xatırladaq ki, Türkan Gündüz Azərbaycan ictimaiyyətinə yaxından tanışdır. Belə ki, o, mediaya açıq həkimlərdən olub, ictimai tədbirlərdə də sıx-sıx iştirak edib. Onun ayrı-ayrı tanınmış jurnalistlərlə münasibətlərinin olduğuna dair sosial şəbəkələrdə də məlumat əldə etmək mümkündür.
Mərhum T.Gündüzlə yaxın olan tanınmış televiziya aparıcısı Rövşanə Ağasəfqızı Globalinfo.az-a onunla bağlı bəzi detalları açıqlayıb.
Jurnalist mərhumu hər şeydən öncə yaxşı həkim və gözəl ana kimi tanıdığını bildirib:
“Son dəfə 4-5 ay öncə danışmışdıq, efirə çıxmaq istədiyini demişdi. O, gözəl insan idi. Çox səbirli, təmkinli, həyat eşqi ilə dolu bir xanım, gözəl həkim və çox möhtəşəm ana… Türkanla bizim aramızda ailəsi ilə bağlı söhbət olmayıb. Sadəcə, bir dəfə avtomobildə olarkən mənə dedi ki, “Rövşanə, mən sevgi ilə ailə qurmamışam”.
O qadın dəfələrlə efirdə olub. Əxlaqlı xanım idi, övladlarına görə əsirdi, hər dəfə uşaqları haqda danışırdı. Fotolarda normal ailə təəssüratı bağışlayırdı. Amma təəssüf…”
Zaira Akifqızı
Globalinfo.az