Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsi quraşdırması Ermənistanın havadarı olan bir çox ölkəni, habelə Rusiyanı da narahat edib. Təsadüfi deyil ki, Rusiya sülhməramlılarının yeni təyin edilən komandı general-polkovnik Aleksandr Lentsov əsas işinin Laçın yolunda nəzarəti bərpa etmək olacağını açıqlayıb.
Bəzi iddialara görə də Azərbaycanın Laçın-Xankəndi yolunda qurduğu nəzarət buraxılış məntəqəsi bir müddət sonra Rusiya sülhməramlılarına təhvil veriləcək.
Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Bakı Kremlin təzyiqləri arasında geri addım atacaq?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya sülhməramlılarının yeni təyin edilən komandı general-polkovnik Aleksandr Lentsovun nə deməsinin və ya Kremlin tələblərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur:
Məhəmməd Əsədullazadə
“Azərbaycan ordusu Laçın və Şuşa istiqamətində bir neçə strateji yüksəklikləri nəzarətə götürməklə, Rusiyaya adekvat mesaj vermiş oldu. Bununla rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinin də bu kimi komandan dəyişikliklərinin Azərbaycanın planlarının qarşısını alacaq gücdə olmadığını ortaya qoydu.
O ki qaldı səslənən iddialara, hesab edirəm bunun həqiqət payı var. Məsələ ondadır ki, Moskvanın əsas planı nəzarət buraxılış məntəqəsinin (NBM) Rusiyaya sülhməramlı qüvvələrinin nəzarətinə verilməsi və özünün skayner nəzarət sistemini yaratmaqdır. Mümkündür ki, bu kontekstdə sülhməramlı qüvvələrinin komandanı Azərbaycanla danışıqlar aparacaq. Amma Azərbaycan tərəfi Rusiya ilə hərbçiləri NBM birgə nəzarətə razı olması mümkün deyil”.
Politoloqun sözlərinə görə, regionda gərginlik yenidən arta bilər:
“Hesab edirəm, Rusiya sülhməramlı qüvvələri bu istiqamətdə erməni silahlı birləşmələrini təxribatlara sövq edə bilər. Çünki Rusiya proseslərdə fəaliyyət imkanlarının daraldığının fərqindədir. Rusiya sülhməramlı qüvvələrə “döyüşkən” general göndərəcəyini vurğulamaqla bir növ psixoloji təzyiq etməyə çalışırdı. Amma Azərbaycanın hazırkı addımları Moskvanı mat vəziyyətə salıb. Moskva artıq Qarabağda Azərbaycana qarşı mövqe ortaya qoymaq imkanlarından xaricdir”.
Turan Rzayev
Globalinfo.az