Ermənilərin Dığı keçib, bu kəndlərə girə bilməmələri üçün… – Polkovnikdən təklif

Ermənilərin Dığı keçib, bu kəndlərə girə bilməmələri üçün... - Polkovnikdən təklif

Həkəri körpüsünün başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması dünyanın diqqət mərkəzindədir. Bu hadisə Azərbaycanın ciddi uğuru, tarixi qələbəsi hesab edilir. Bildirilir ki, 100 ildən çoxdur Azərbaycanın pozulmuş sərhəd məsələsi nəhayət, həllini tapıb. Həmçinin körpüdə artıq pasport yoxlanış köşkü və gömrük məntəqəsi fəaliyyət göstərir.

Bəs orda nəzarət-buraxılış məntəqəsi qurmağımız ölkəmizi beynəlxalq aləmdə hansı üstün mövqeyə daşıdı? Bu körpünün ərazi bütövlüyümüz, xüsusilə Laçın dəhlizi üçün strateji əhəmiyyəti nədən ibarətdir?

Mövzunu Globalinfo.az-a şərh edən keçmiş Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşa Həkəri körpüsündə qurulan nəzarət buraxılış məntəqəsinin əhəmiyyətini nəzərə çatdıraraq, əlavə işlərin də görülməsinə ehtiyac olduğunu bildirib:

“Bütün ölkələrin sərhədində mütləq şəkildə nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Təəssüf ki, bütün dünyada bir-birinə əks mövqedə olduqları deyilən diktatorların da, demokratların da bizə münasibətləri eynidir. Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri körpüsündə nəzarət-buraxılış məntəqəsinin qurulması çox müsbət və uğurlu bir hadisədir. Ermənistanla Azərbaycan sərhədində Dığ kəndi var, Zabuxdan təxminən 15-20 kilometr məsafədədir. Çox istərdim ki, həmin kənddə, Ermənistanla bilavasitə sərhəddə nəzarət-buraxılış məntəqəsi qurulsun. Əks halda separatçılar alternativ yollar taparaq ərazilərimizə qanunsuz şəkildə keçə bilərlər. Ümumilikdə nəzarət-buraxılış məntəqəsinin qurulması çox təqdirəlayiq nailiyyətdir. Amma Ermənistanla tam sərhəd xəttində belə bir məntəqənin qurulması daha arzuolunandır. Beynəlxalq səviyyədə tanınan torpaqlarımıza qanunsuz daxilolmalarının qarşısının alınması üçün bu, son dərəcədə vacibdir. Təmas xəttində nəzarət məntəqəsinin olması zəruridir. Ermənilər Dığ kəndini keçərək Zabuxa gələnə kimi olan istiqamətdə sağda və solda yerləşən kəndlərə girə bilərlər. Daha sonra cənub istiqamətində Güləbird, şimal istiqamətində Kəlbəcər yolunu bağlaya bilərlər”.

Arif Paşa: "Bu günü bizə yaşadan hər kəsin qarşısında baş əyirəm"
Arif Paşa

Arif Paşa Ermənistanla sülh prosesində bu məqamın xüsusilə əhəmiyyətli olduğunu söyləyib:

“Həkəri körpüsünün tam nəzarətimizdə olmasının bizim üçün əhəmiyyəti, strateji üstünlüyü çoxdur. Ermənistanla hər hansı razılaşma su üzərinə çəkilmiş imza kimidir, əsla vədlərinə sadiq millət deyillər. Bu baxımdan nəzarət-buraxılış məntəqəsinin qurulması bizim uğurumuzdur. Əraziyə rəsmi yolla gələn bütün avtomobillər həmin körpüdə nəzarət-buraxılış məntəqəsindən keçməlidirlər. Dövlətin bu məsələdəki addımlarını yüksək qiymətləndirirəm. Amma həm də digər Dığ kəndinin sərhəd hissəsi ilə bağlı da narahat olduğumu bildirmək istəyirəm. Ermənilər o ərazi vasitəsilə təxribata əl ata bilərlər. Dığ kəndi rəsmi sərhəd olmalıdır. Bunun alternativi yoxdur.
Bizim üçün yalançı Qərb demokratiyası deyil, Vətən təəssübkeşliyi, ərazi bütövlüyümüzün qorunması vacibdir. Çox maraqlıdır ki, bir-birinə əks mövqedə dayanan Rusiya və Qərbin erməni məsələsində maraqları üst-üstə düşür”.

Ayşən Mustafa
Globalinfo.az