ABŞ, Fransa Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-keçid postu qoymasını tənqid ediblər. Hər iki ölkə 10 noyabr bəyanatının pozulmasına istinad edib. Maraqlıdır, ilk addımı Ermənistan atıb, öz sərhədində nəzarət-buraxılış məntəqəsi yaradıb, ardınca Azərbaycan öz sərhədində eyni işi görüb.
ABŞ və Fransa Ermənistanı qınamır, qınamağa əsas da yoxdur, amma Azərbaycanı qınayır ki, niyə öz sərhədinə nəzarət edirsən.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Murad Sadəddinov xarici dairələrin beynəlxalq hüquq əsaslandırmalarını utopiya adlandırıb:
“ABŞ-ın münasibəti tam olaraq tənqid deyil. Vaşinqton sadəcə bunun sülh prosesinə mane olduğunu bildirib. Fransanın məsələyə yanaşması isə təəccüblü deyil, daim Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyir. Ümumiyyətlə beynəlxalq qanunvericilikdə hər bir dövlət birinci növbədə ölkələrin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını dəstəkləyib. Bunun atributlarından biri də sərhədlərin qorunmasıdır ki, nəzarət-buraxılış məntəqəsi bunun elementlərindəndir. Ona görə də, beynəlxalq qanunvericiliklə hansısa təzadın olmasının iddia edilməsi tamamilə utopiyadır. Ümumiyyətlə bu fikri dilə gətirmək düzgün deyil, gülməlidir”.
Politoloq Azərbaycanın öz ərazisində sözügedən addımını tamamilə qanunauyğun və gözlənilən olduğunu bildirib:
“Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin quraşdırılması regionda gedən proseslərin məntiqi sonluğu idi. Bir çoxları bu məsələdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edirlər. O zaman Laçın dəhlizi kimi adlandırılan yolun bəyanatda sadəcə humanitar məqsədlər üçün nəzərdə tutulduğu qeyd edilib. Hər ölkə də buna riayət etməli idi. Amma Ermənistan bundan sui-istifadə edərək bölgəyə silah, sursat, mina avadanlıqları daşıyırdı. Beynəlxalq aləmdə tanınan və satın aldıqları müxtəlif “siyasətçiləri” öz çirkin məqsədləri üçün buraya gətirirdilər. Son yayılan görüntülərdə biz sülhməramlıların da buna açıq şəkildə dəstək vermələrini müşahidə edirdik. O baxımdan Azərbaycan tərəfi bu missiyanı öz üzərinə götürüb və təmin edib. Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, ora rəsmi olaraq bizim ərazilərimizdir. Azərbaycan orada öz qanunvericiliyindən irəli gələn suverenliyi təmin edir”.
Mövzu ilə bağlı XİN-dən Globalinfo.az-a bildirilib ki, Fransanın açıqlamalarına cavab verilib. Digər məsələlərlə bağlı isə məlumat yoxdur. Həmçinin, Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsi mövzusunda Bakı ilə danışıqlar aparılması xəbərinə cavab olaraq, danışıqların daimi olaraq davam etdiyi qeyd edilib.
Ayşən Mustafa
Globalinfo.az














