Son proseslər göstərir ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı məğlub edə bilmir. Baqrat Qalstanyanın rəhbərliyi ilə başlayan və erməni müxalifətinin böyük ümid bəslədiyi aksiyalar da daxili auditoriyada lazımi dəstəyi ala bilmədi.
Maraqlıdır, Paşinyanın daxildəki gücü nədədir? Bu məsələdə ona Qərb siyasi texnoloqları, beyin mərkəzləri kömək edir?
Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, hazırda Ermənistanda etiraz aksiyası keçirən, Paşinyan hakimiyyətini istefaya səsləyən müxalif qüvvələrin xalq arasında ciddi dayağı və dəstəyi yoxdur:
“Hakimiyyətə gəlmək istəyənlər qatı revanşistlərdir. Erməni xalqı 44 günlük müharibədə Azərbaycanın Ermənistana vurduğu sarsıdıcı zərbələrin gələcəkdə baş verəcək hər hansı təxribat qarşılığında davamlı hal alacağını anlayır. Nikol Paşinyan da sözügedən məsələlərə görə xalqın dəstəyini alır”.
Politoloqun fikrincə, Paşinyan radikal, revanşist qüvvələrin təxribat xarakterli addımlarının qarşısının alınmasında hələ ki ağıllı davranır:
“O, sərt tədbirlər həyata keçirir. Hüquq-mühafizə orqanları etirazçıları amansız şəkildə dağıdır. Hətta bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Bütün bunlara baxmayaraq, Paşinyan vəziyyətdən çıxmaq üçün yeganə yolu var: Azərbaycanla sülh müqaviləsi imzalamaq. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün lazım olan addımlar atılmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az