9 il öncə hakimiyyətlə müxalifət niyə anlaşa bilmədi? – Sensasion səbəb 

Son 4 ildir hakimiyyət siyasi partiyalarla dialoq mühitini xeyli yaxşılaşdırıb. Partiya sədrləri ilə görüşlər, təmaslar intensiv hal alıb. 

2020-ci ilin əvvəlindən start götürmüş bu proses bu gün də davam etdirilir. İstər pandemiya dövründə, istərsə də 44 günlük Vətən müharibəsində bu münasibət sistemi özünün ən pik həddinə çatmışdı və ölkə, cəmiyyət üçün faydalı olmuşdu.

May ayının 16-da siyasi partiya rəhbərləri ilə dövlət qurumlarının görüşü də növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Görüş barədə son 1 həftədir ətraflı şərhlər yazılır, deyilir. Bu görüşün həm də gözlənilən Milli Məclis seçkiləri ilə bağlı olduğuna dair mülahizələr səsləndirilir.

2014-cü ilin sonlarından başlayaraq hakimiyyətlə siyasi partiyalar arasında görüşlər keçirilirdi. Bir neçə belə təmaslar olmuşdu. Sonradan bu görüşlər dayandırıldı. Hələ o vaxt deyilirdi ki, prosesin yarımçıq qalmasına səbəb bəzi müxalif partiya sədrlərinin qeyri-etik rəftarları və uyğunsuz ifadələr işlətməsi olub. Üstəlik müxalifət partiyalarının təklifləri, tələbləri də dövrün şərtləri ilə üst-üstə düşmürdü.

Deyilənə görə, həmin dövrdə hakimiyyətdaxili qüvvələr arasında gedən rəqabət də bu layihənin uğursuzluğa düçar olmasında rol oynayıb. Milli təhlükəsizlik naziri Eldar Mahmudov iqtidar-müxalifət dialoqunu pozmaq üçün hərəkətə keçib. Onun Ramiz Mehdiyev qrupu ilə mövqe və nüfuz savaşı prosesi tormozlayıb.

Eldar Mahmudov nədən belə edib?

Həmin dövrdə proseslərdə iştirak etmiş bəzi siyasətçilərin Globalinfo.az-a dediyinə görə, dialoqun sonda hakimiyyətlə müxalifət arasında yumşalmaya səbəb ola biləcəyi, yeni mərhələnin başlayacağı, bu səbəbdən də bir sıra ictimai-siyasi proseslərin onun nəzarətindən çıxa biləcəyi sabiq təhlükəsizlik nazirini narahat edib. Ona görə E.Mahmudov işi pozub. Ən müxtəlif rəylər, hesabatlar təqdim edərək, dialoqun baş tutmamasına nail olub.

9 il sonra müxalif partiyaları ilə qurulan dialoq müsbət nəticə verəcək? Azərbaycan müxalifəti, siyasi partiyalar geniş tərkibdə parlamentdə təmsil oluna biləcək? Hazırkı görüşlər ilə 2015-ci ildə baş tutan görüşlər arasında nə kimi fərqlər var?

Globalinfo.az-a danışan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, 2019-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericiliklə iş üzrə şöbə yaradıldı:

“Bu bir ilk idi. Ədalət Vəliyev bu şöbəyə rəhbər təyin edildi. 2020-ci ildən etibarən həmin şöbənin təşəbbüsü ilə siyasi partiyalarla dialoq elan edildi. Bu, yenilik olması ilə yanaşı pozitiv bir addım idi.

Natiq Cəfərli 

Bu dialoq çox keçmədi ki, öz faydasını verdi. Belə ki, 44 günlük müharibədə siyasi partiyalar vahid mövqedən çıxış etdi, dövlətin atdığı addımları dəstəklədi. Ən önəmli yenilik müxalif partiyalarla iqtidar arasında düşmənçilik aradan qaldırıldı.

Etiraf edək ki, bu proseslərə qədər ölkədə müxalifət ilə bağlı xoş olmayan mövqe vardı. Yəni sanki müxalifət düşmənmiş kimi davranılırdı. Bu, sağlam yanaşma deyildi. Bu baxımdan baş verən görüş həmin strategiyanın davamıdır.

N.Cəfərli deyib ki, tədbirdə Ədalət Vəliyevin çox yaxşı çıxışı oldu:

“O, bir çox məqama toxundu. Bundan başqa görüşdə Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, nümayəndələri də iştirak edirdi.

Onlarda öz sahələrinə aid qanunvericilikdə yeniliklə bağlı məlumat verdi. Ümumilikdə belə bir ortamın olması gərginliyin azalması baxımından yaxşı təşəbbüsdür. Real Partiyası bu məsələni əvvəldən dəstəkləyib. Seçki öncəsi belə bir təmasın olması seçkilərin daha demokratik şəraitdə keçməsinə şərait yaradacaq”.

Turan Rzayev
Globalinfo.az